”İdrak liseyinin unikallığı ondadır ki, burada etibara, əməkdaşlığa, qarşılıqlı hörmət və dəyərə əsaslanan təlim-tədris sistemi mövcuddur. Belə bir sağlam şagird-müəllim münasibəti və məktəb mühiti akademik inkişaf və şəxsiyyət formalaşdırmaq üçün geniş imkan yaradır”.
İdrak liseyində 2023-2024-cü tədris ili üzrə təhsil alan 11-ci sinif şagirdləri məzun adını qazanıb. Məzun günü ilə əlaqədar keçirilmiş tədbirdə lisey rəhbərliyi, qonaqlar, pedaqoji kollektiv və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. İdrak liseyinin təsisçisi, professor, pedaqoji elmlər doktoru Mönsüm Alışov çıxışında məzunları və onların müəllimlərini təbrik edib. “İdrak liseyinin əsas məqsədi ali təhsil həyatına daha hazırlıqlı şagird-tələbələr yetişdirməkdir. Bu baxımdan, liseyimizin məzunları olan etimad və inamı doğrultdu”, – deyə Mönsüm Alışov öz çıxışında bildirib.
Məzunlar çıxış edərək İdrak ailəsinə öz minnətdarlıqlarını bildiriblər. Tədbirdə şagirdlər fərqli janrlarda musiqilər səsləndirib, əyləncəli rəqs nömrələri nümayiş etdiriblər.
Məzunlarımızı təbrik edir, onlara müstəqil həyatlarında uğur və xoşbəxtlik arzu edirik!