Məktəbəqədər təhsil

Məktəbəqədər təhsil ölkəmizin fasiləsiz təhsil sisteminin ilk pilləsidir. Bu təhsil fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Məktəbəqədər təhsil- məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki, mənəvi inkişafına hərtərəfli xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə yönəldilmiş bütöv bir prosesdir. Bu proses zamanı uşaqların yaradıcı potensialı, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi, şəxsi sağlamlığın qorunmasına münasibəti, zəruri həyati bacarıqlara yiyələnməsi və şəxsiyyətinin formalaşmasının əsası qoyulur.  Hərtərəfli inkişaf etmiş gələcək vətəndaşın formalaşmasından ötrü müvafiq şəraitin təşkili məhz məktəbəqədər təhsilin hədəflərindən biridir.  

Məktəbəqədər təhsil pilləsində aşağıdakı fənlər tədris olunur:

1. Məntiqi və riyazi təfəkkürün inkişafı
2. Savad təliminə hazırlıq və nitq inkişafı
3. Ətraf aləmlə tanışlıq
4. Bədii təfəkkürün inkişafı
5. Xarici dil ( ingilis dili )

6. Azərbaycan dili ( dövlət dili kimi )
7. İnformatika
8. Təsviri fəaliyyət
9. Fiziki mədəniyyət
10. Musiqi

Liseydə məktəbəqədər təhsil pilləsində bütün dərslərin tədrisində elektron resurslardan geniş istifadə olunur. Qeyd edək ki, məktəbəqədər müəssisələrdə pedaqoji fəaliyyətin  istiqaməti proqram-metodik təminatla bağlıdır. Liseydə bu məsələnin tamlığına xüsusi diqqət yetirilir. Məktəbəqədər təhsilin məqsədi uşaqlarda elmi biliyə maraq və gələcəkdə məktəblərdə keçirilən fənlərə həvəs oyatmaqdır. Bu təhsil pilləsində uşaqlar peşəkar müəllimlər  tərəfindən müxtəlif məşğələlərə cəlb edilir. Liseydə uşaqların öz qabiliyyətinə , yaş səviyyəsinə uyğun olan özəl pedaqoji yanaşma müşahidə olunur. Strategiyaların müxtəlifliyi isə təlimi rəngarəng edir.