İdrak Liseyinin kitabxanası təlim-tərbiyə prosesində fəal iştirak edir, müəllim və şagird kollektivinə kitabxana xidmətləri göstərir. Kitabxananın fonduna azərbaycan, rus, ingilis, alman və türk dillərində dərsliklər, dərs vəsaitləri, tədris-metodik ədəbiyyat, elmi-pedaqoji ədəbiyyat, bədii ədəbiyyat, universal məzmunlu kitablar (ensiklopediyalar, məlumat kitabları, biblioqrafik nəşrlər), müəllim üçün metodik vəsaitlər, elektron resurslar və digərləri daxildir.
Qeyd edək ki, liseyimizin şagirdləri E-məktəb protalında elektron kitabxanaya daxil olaraq yerləşdirilmiş vəsaitlərin, dərsliklərin, bədii ədəbiyyat nümunələrinin, həmçinin universal məzmunlu kitabların pdf formaları ilə tanış ola bilərlər.
Ümumiyyətlə, tədris edilən fənlərin daha yaxşı mənimsənilməsi və biliklərin əlavə olaraq möhkəmləndirilməsi məqsədilə şagirdlərin sistemli və məqsədli mütaliəsinin təşkil edilməsində kitabxananın aparıcı rolu vardır. Belə ki, liseyin kitabxanasında mütaliə saatlarının təşkili, tənqidi və yaradıcı yanaşma qabiliyyətinin inkişaf etdirilməsi, oxunan əsərlərin müzakirəsi və təhlili, ibtidai siniflərdə oxu texnikası saatlarının təşkili, şair və yazıçılarla görüşlərin təşkili, əlamatdar və tarixi günlərin keçirilməsi, səsli nağılların dinlənilməsi, azərbaycan dilinin rus bölmələrində inkişafına kömək, kitabların icmalı, nağıl günlərinin keçirilməsi təşkil olunur. Kitabxanada şair və yazıçılarla şagirdlərin görüşləri keçirilir, onların müəllif olduqları bədii ədəbiyyat nümunələrinin müzakirələri aparılır. Kitabxanamız müntəzəm olaraq respublikanın və dünyanın bir sıra kitabxanaları, kitab evləri ilə əməkdaşlıq edir.