İdrak liseyində “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı festival keçirilib.
Açıq havada keçirilən tədbirdə Novruz Bayramı işğaldan azad olunmuş bölgələrimizin tarixi keçmişi, mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə birgə təqdim olunub. 5-9-cu sinif şagirdlərinin hazırladığı stendlərdə işğaldan azad olunmuş bölgələrimizin milli-mənəvi irsi nümayiş olunub. Novruz ölkəmiz və xalqımız üçün yalnız bayram deyil, eyni zamanda, vüqarımızın rəmzi, milli soykökümüzün parlaq nişanəsi, keçmişimizin obrazlı ifadəsi, gələcəyimizin mayakıdır. Novruz bizim varlıq düsturumuzdur, əbədiyaşarlıq salnaməmizdir, azadlıqsevərliyimizdir, mübarizliyimizdir.
“2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik”. Bəli, Prezident İlham Əliyevin sözləri onun xarakterik obrazını-liderliyini tərənnüm etdirir. Dövlətimizin başçısı həmin müraciətində bir daha xatırlatdı: “Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi”.
Artıq bütöv Azərbaycana ilk bahar gəlir!
Elimizin, obamızın, ölkəmizin bayramı mübarək olsun!
“Bütöv Azərbaycana ilk bahar gəlir” festivalı
- 27 03 2024