İdrak Liseyinin təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Tarix yazan imza” adlı xeyriyyə tədbiri baş tutub.
Tədbirin ilk hissəsi Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına əsasən İdrak Liseyinin təşkilatçılığı ilə Bakı və Sumqayıt şəhər məktəbləri arasında keçirilmiş “Tarix yazan imza” adlı Esse, Rəsm, Mini Futbol yarışı, Şahmat üzrə Rapid Olimpiada, Şən estafetlər idman yarışı müsabiqələrinin mükafatlandırma mərasimi ilə başlayıb. Tədbirin bədii hissəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair sənədli film və videoçarxlar nümayiş etdirilib. Liseyin şagirdləri Naxçivani, Azərbaycan, Odlar yurdu və Şən Azərbaycan adlı rəqs nömrələri ilə çıxış ediblər. Dahilər Dühası adlı ədəbi kompozisiya ilə davam edən tədbir zamanı şagirdlərin Leyla Əliyevanın müəllifi olduğu “Mənim Babam” adlı şeirini bir neçə dildə səsləndirilməsi tamaşaçılara dərin duyğular yaşadıb. Şagirdlərimiz “Bu gün uşaqların bayramıdır”, “Dahi”, “Azərbaycan Türkiyə”, “Ey Vətən”, “Eloğlu”, “Günəş kimi İnsan” ifaları zamanı Elnarə Xəlilova, Azərbaycan Respublikasının xalq artistləri Faiq Ağayev və Mübariz Tağıyev, Azərbaycan Respublikasının Əməkdar artistləri Gülüstan Əliyeva, Fərqanə Qasımova və Afaq Abbasova kimi görkəmli solistlər tərəfindən müşaiət edilib.
Tədbirin yekununda aparıcılar tərəfindən vurğulanıb ki, bu gün Azərbaycanda Ulu Öndər erası davam edir, zamanın fövqündə dayanan Heydər Əliyev ideyaları yaşayır, qalib gəlir. Nə qədər ki, Azərbaycan var, Ulu Öndərin adı və siyasi kursu yaşayacaq, ölkəmizin inkişaf salnaməsi parlaq səhifələrlə dolacaq!